top of page
  • ziverhacagayeva

İyulun 13-də Kekalove Adaptive-in 3-cü ənənəvi moda nümayişini həyata keçirilib.

İyulun 13-də “Kekalove Adaptive” startapının təşkilatçılığı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), qara Dəniz Regional Əməkdaşlıq Fondu (BST), İnkişaf və Əməkdaşlıq üzrə İsveçrə Agentliyinin (SCO) dəstəyi, həmçinin “JW Marriott Absheron” otelinin ev sahibliyi ilə ölkəmizdə əlilliyi olan şəxslər tərəfindən adaptiv geyim kolleksiyasının təqdimatı keçirilib.


AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi əlilliyi olan şəxslərin ehtiyaclarını nəzərə alan xüsusi geyim dizaynlarını, adaptiv geyimləri nümayiş etdirmək, eyni zamanda, əlilliyi olan şəxslər üçün rahat və dəbli geyimlər hazırlamaqdır. Kolleksiyanın müəllifi Azərbaycanın ilk peşəkar adaptiv geyim dizayneri Rəşidə Əliyevadır.


“Kekalove Adaptive”nin təsisçisi və icraçı direktoru Məhəmməd Kekalov açılış mərasimində çıxış edərək bildirib ki, üçüncü dəfə keçirilən bu şou İnklüziya Festivalının bir hissəsidir: “Əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud olanların cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək, eləcə də Azərbaycanı inklüziv ölkəyə çevirmək sahəsində belə uğurlu nəticələri görmək bizi sevindirir”, - deyən startapın təşkilatçısı bu işi davamlı olaraq aparacaqlarını diqqətə çatdırıb.


ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə missiya direktor vəzifəsini icra edən Anjelina Allen-Mpyisi çıxışında deyib: “USAID Azərbaycanda da əlilliyi olan insanların cəmiyyətə inteqrasiya edilməsinə dəstək olmaq üçün Kekalova ilə əməkdaşlıq etməkdən qürur duyur. Əlilliyi olan şəxslər üçün inklüzivliyin təşviq edilməsi USAİD-in qlobal prioritetidir. Qlobal müstəvidə əlil insanların cəmiyyətə inteqrasiyasını təşviq etmək və bugünkü moda nümayişini dəstəkləmək vacib işlərdən biridir. USAİD bu işdə qlobal miqyasda öhdəlik götürdüyü kimi, Azərbaycanda da əlillər cəmiyyətinə kömək etmək öhdəliyinə sadiqdir”.


Əməkdaşlıq üzrə İsveçrə Agentliyinin rəsmisi Zahir Əhmədov əlilliyi olan şəxslərin iştirakı ilə keçirilən geyim nümayişini dəstəklədiyini bildirib və əlilliyi olan şəxslərin geyim nümayişi ilə əlaqədar təşkil olunan tədbirə yüksək qiymət verərək iştirakçılara uğurlar arzulayıb.


Sonra modellərdən Fatimə Əkbər və Zərifə Babayeva ilə Azərbaycan İnklüziv Rəqs Şirkətinin inklüziv rəqs performansı nümayiş olunub.


Əlilliyi olan modellərin iştirakı ilə bu dəfə 40 geyim dəsti nümayiş edilib.


Qeyd edək ki, moda şou “Kekalove Adaptive” startapının bu qəbildən sayca üçüncü tədbiridir.











Commenti


bottom of page